Rusiya-Ukrayna və Yaxın Şərqdəki müharibələr beynəlxalq aləmin diqqətini bu iki istiqamətə yönəltsə də, Hind-Sakit okean bölgəsindəki vəziyyət də böyük dövlətlərin müzakirə predmetidir. ABŞ dövlət katibi Entoni Blinken Laosda keçirilən sammitdə Cənub-Şərqi Asiya liderlərinə deyib ki, Vaşinqton Çinin Cənubi Çin dənizində “təhlükəli və qeyri-qanuni” fəaliyyətindən narahatdır. Blinken ABŞ-ın həyati əhəmiyyət kəsb edən dənizdə naviqasiya azadlığını dəstəkləməyə davam edəcəyinə söz verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, sammit Çinin ASEAN üzvləri olan Filippin və Vyetnamla dənizlərdə şiddətli qarşıdurmalarının ardınca keçirilib:
“Çinin Vyetnam, Filippin, Malayziya və Bruneylə dənizlərdə üst-üstə düşməyə maraqları var. Qlobal ticarətin təxminən üçdə bir hissəsi bu bölgədən keçir. Ona görə də bu bölgənin sularında gərginliyin artması böyük dövlətləri narahat edir. Blinken bildirib ki, ABŞ Çinin Cənubi Çin dənizində ASEAN ölkələrinin gəmilərinə təhlükə yaradan fəaliyyətindən çox narahatdır. Onun sözlərinə görə, ABŞ-ın bölgədə heç bir iddiası yoxdur, ancaq Çinin iddialarına etiraz olaraq sularda patrul xidməti aparmaq üçün donanma gəmiləri və döyüş təyyarələri yerləşdirib.
Çin və Filippin gəmiləri bu il dəfələrlə ü-züzə gəliblər. Bundan başqa, Vyetnam keçən həftə Çin dəniz qüvvələrinin mübahisəli dənizdə balıqçılarına hücum etdiyini açıqlayıb. Çin həmçinin İndoneziya və Malayziyanın eksklüziv iqtisadi zonalar kimi iddia etdiyi ərazilərə patrul gəmiləri göndərib. ABŞ-ın Filippinlə təhlükəsizlik anşalması var, buna görə də Vaşinqton bu ölkəni Çinin təhdidlərindən qorumaq məcburiyyətindədir.
Filipp Prezidenti Ferdinand Markos Laosda zirvə toplantısındakı çıxışında Çinin regional siyasətindən şikayətlənib. O Çinin beynəlxalq hüququ pozduğunu söyləyib”.
Təhlildə bildirilir ki, Pekin səslənən iddialarını həmişəki kimi rədd edib:
“Çin Baş naziri Li Çian Cənubi Çin dənizini “ortaq ev” adlandırıb. Baş nazir həmçinin “Asiyaya blok qarşıdurması və geosiyasi münaqişələr gətirmək” istəyən xarici qüvvələrin bölgəyə müdaxilə etdiklərini deyib. Li Çian xarici qüvvələrin adını çəkməsə də, söhbətin ABŞ-dan getdiyi aydındır. Vaşinqton geri çəkilmək istəmir.
Blinken Çinə başqa bir mesajında ABŞ-ın Tayvan boğazı boyunca sabitliyi qorumaq üçün ortaq öhdəliyinin olduğunu bildirib. Çinin Tayvan sahillərinə yaxın aviadaşıyıcı göndərməsi onu göstərir ki, Pekin də geri çəkilmək fikrində deyil.
Tayvan dəniz qüvvələri döyüş hazırlığı vəziyyətinə keçib. Çin ordusunun Tayvan ətrafında hərbi təlimlərə başlaması adanın mühasirəsi kimi qiymətləndirilib. Hərbi təlimlərin bitmə tarixi göstərilməyib. Bununla Pekin Tayvana olan iddiasından geri çəkilməyəcəyinə və adanı Çinə birləşdirmək üçün hərbi yoldan imtina etməyəcəyinə işarə vurub”.