ABŞ-ın yeni Prezidenti Donald Trampın Livanda İsraillə "Hizbullah" terror təşkilatı arasında atəşkəs üçün hazırlanan layihəyə “yaşıl işıq” yandırdığı bildirilib.
Teleqraf.com xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın məlumatında Trampın noyabrın 10-da İsrailin strateji işlər naziri Ron Dermerlə görüşdüyü deyilir.
ABŞ-ın yeni liderinə yaxın şəxslərin də qatıldığı görüşdə Livanda atəşkəsin əldə olunması da daxil olmaqla bir çox mövzunun müzakirə edildiyi vurğulanıb.
Kanal qeyd edib ki, Dermer görüşdə Livanda atəşkəs üçün hazırlanan layihə barədə Trampı məlumatlandırıb və o, bu projeni bəyənib.
KAN ABŞ prezidentindən belə bir sitat da gətirib: “Livan məsələsində razılaşmağınızı istəyirəm, heç bir etirazım yoxdur”.
“ABŞ-ın Livandakı səfiri Liza Conson Vaşinqton tərəfindən hazırlanan və “Hizbullah”la İsrail arasında münaqişəni dayandıracaq ilk atəşkəs layihəsini Livan parlamentinin sədri Nəbi Berriyə çatdırıb”, - İsrail kanalı bildirib.