Gürcüstan Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq çərçivəsində çoxşaxəli əməkdaşlığı, regional və qlobal əhəmiyyətli layihələrin reallaşdırılmasını davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın yeni hökumətinin 2025-2028-ci illər üzrə proqramında bildirilib.
Sənədə əsasən, Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlığı mühüm format olaraq qalacaq və bu çərçivədə sahə nazirlikləri arasında fəal qarşılıqlı əlaqə həyata keçiriləcək.
Proqramda həmçinin bildirilib ki, Gürcüstan bütün regionun maraqlarına uyğun qonşu ölkələr arasında dialoq və konstruktiv əməkdaşlığa töhfə verəcək.
“Gürcüstan tərəflərin həm ikitərəfli, həm də üçtərəfli (Gürcüstan, Azərbaycan və Ermənistan) qaydada istənilən aktual məsələləri müzakirə edə biləcəyi məkan kimi qalmaqda davam edəcək. Bu səylər etimadın bərpası və qarşılıqlı faydalı əməkdaşlığın bərpasına öz töhfəsini verəcək”, - sənəddə deyilir.
Proqramın “Nəqliyyat və logistika” bölməsində bildirilib ki, Gürcüstan nəqliyyat marşrutlarına, həmçinin Orta Dəhlizə əlavə yüklərin cəlb olunması istiqamətində səylərini fəallaşdıracaq. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasının son mərhələdə olduğu da vurğulanıb.