11:05
265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidentliyinə Mixeil Kavelaşvilinin namizədliyi irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, namizədin kimliyini hakim “Gürcü Arzusu” partiyasında keçirilmiş məsləhətləşmələrdən sonra fəxri sədr Bidzina İvanişvili açıqlayıb.

53 yaşlı Mixeil Kavelaşvili sabiq futbolçudur. Tbilisinin “Lokomativ” və “Dinamo” klublarında oynayıb. O, “Dinamo”nun tərkibində Gürcüstanın altıqat çempionu, milli yığmanın hücumcusu olub.

Kavelaşvili 2016-cı ildə siyasətə keçib və “Xalq Hakimiyyəti”ni təsis etməzdən əvvəl hakim “Gürcü Arzusu” Partiyasından Gürcüstan parlamentinə seçilib. 2016-2020-ci illərdə Gürcüstanın 9-cu çağırış parlamentinin, “Gürcü Arzusu - Demokratik Gürcüstan” seçki blokunun üzvü olub. 2020-cü ildə “Gürcü Arzusu”ndan parlamentə seçilib.

2022-ci ildə Sozar Subari və Dimitri Xundadze ilə birlikdə hakim partiyanı tərk edib. O zaman partiyanın mövqeyi belə idi ki, bu, fikir ayrılığı səbəbindən olub. İvanişvilinin son qərarı göstərir ki, artıq fikir ayrılığı aradan götürülüb – həm də ölkənin prezident postunu ona həvalə ediləcək qədər...

Qeyd edək ki, Gürcüstanda ilk dəfə prezident birbaşa səsvermə yolu ilə seçilməyəcək. Növbəti beş il müddətinə dövlət başçısını 300 nəfərdən ibarət seçicilər kollegiyası seçəcək. Seçkilər dekabrın 14-nə təyin olunub, yeni dövlət başçısının andiçmə mərasimi isə dekabrın 29-da keçiriləcək.

Qonşu ölkənin hazırkı prezidenti Salome Zurabişvilidir. O, 2018-ci ildə seçilib, səlahiyyət müddəti dekabrın 16-da başa çatır.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər