Ötən gecə Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən mitinqdə 43 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, aksiya zamanı 32 nəfər polis əməkdaşı xəsarət alıb, onlardan 13-ə cərrahi müdaxilə tələb olunub.
Ötən gecə polis su şırnağı maşınları, gözyaşardıcı qaz və digər vasitələrdən istifadə etməklə parlament binası qarşısındakı mitinqi dağıdıb. Bu gün səhər saatlarından etibarən Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa olunub.
Parlamentdə xüsusi təhlükəsizlik rejimi elan edilib. Bəzi müxalifət partiyaları bu gün saat 19:00-da Rustaveli prospektində növbəti aksiyanın keçiriləcəyini bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvili öz növbəsində “X” hesabında Avropanı Tbilisidəki aksiyanın zorla dağıdılmasına sərt reaksiya verməyə çağırıb.
Qeyd edək ki, ötən gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2028-ci ilədək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dayandırıldığını bəyan edəndən sonra Tbilisi və bölgələrdə kütləvi etirazlar baş qaldırıb.