Rusiyanın yeni “Oreşnik” ortamənzilli ballistik raketinin Ukraynada istifadəsi bütün Qərbə düşünməyə əsas verir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.
Baş nazir Qərb ölkələrini diqqətli olmağa çağırıb:
“Rusiya əvvəllər məlum olmayan silahdan istifadə edib. Bu silahın nümayişi hamımızı düşündürür. Ümid edirəm ki, bu, təkcə bizdən yox, Qərbi Avropadan da ehtiyatlılıq tələb edəcək”.
Orban vurğulayıb ki, “Oreşnik” qitələrarası ballistik raketdir və nüvə komponenti daşımağa qadirdir. O, həmçinin bunun istifadəsinin mümkün nəticələri ilə bağlı narahatlığını ifadə edib.
Rusiya Prezidenti Vladimir Putin dünən KTMT-nin iclasında “Oreşnik” barədə danışıb. Onun sözlərinə görə, Rusiyanın bu yeni kompleksi güclüdür və kütləvi zərbələr endirməyə qadirdir:
“Oreşnik”dən kütləvi şəkildə istifadə olunarsa, zərbənin gücü nüvə silahı ilə müqayisə edilə bilər”.
Putin sistemin daha da gücləndirilə biləcəyini vurğulayıb.