13:36
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin iyunda Şimali Koreyanı səfərindən sonra müdafiə naziri Andrey Belousovun ötən həftə Pxenyanda keçirdiyi görüşlər beynəlxalq aləmdə diqqətlə izlənilib. Belousov Pxenyanda deyib ki, iki ölkə liderləri arasında təmaslar Rusiya-Şimali Koreya münasibətlərinin möhkəmlənməsində əsas rol oynayır. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq daha da güclənib. Əslində, “əməkdaşlıq” dedikdə, Şimali Koreyanın Rusiyaya hərbi texnika və hərbçi göndərməsi, bunun qarşılığında Pxenyaya Moskvadan ərzaq yardımı nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Şimali Koreyanın Rusiyaya artilleriya mərmiləri və digər döyüş sursatları verməsi ilə bağlı məlumatlar artıb:

“Ukraynada münaqişə başlayandan bəri Rusiya Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalara qarşı çıxmaq üçün yeni müttəfiqlər axtarışındadır. Şimali Koreya da hərbi potensialını, eləcə də ABŞ və onun regiondakı müttəfiqlərinə qarşı mövqelərini gücləndirmək üçün tərəfdaşlar axtarır. Şimali Koreyanın Rusiyaya göndərdiyi hərbçilərin dəqiq sayı bəlli olmasa da, onların münaqişədə iştirakı şübhə doğurmur. Mövcud vəziyyət Qərb ölkələri ilə yanaşı, Cənubi Koreya ilə Yaponiyanı da ciddi narahat edir.

Rusiyanın Ukrayna ilə müharibəyə Şimali Koreyanı cəlb etməsi Vaşinqtonu narahat edən əsas mövzulardandır. ABŞ dövlət katibinin müavini Kurt Kempel Çinin dərinləşən Rusiya-Şimali Koreya əməkdaşlığından getdikcə narahat olduğunu açıqlayıb. Onun sözlərinə görə, Pekin bunun regional təhlükəsizlik və geosiyasət üçün potensial təsirlərindən narahatdır.

Kempelin şərhi göstərir ki, Vaşinqton kimi Pekin də, Rusiya-Şimali Koreya yaxınlaşmasını və iki ölkə arasında güclənən ittifaqı yaxından izləyir. Çin və Rusiya strateji tərəfdaş olsa da, Pxenyanla Moskva arasında artan yaxınlıq Pekinin mövqeyini çətinləşdirir”.

Mərkəzin ekspertləri hesab edirlər ki, Qərblə Şimali Koreya arasında gərginliyin artması Çinin maraqlarına ziddir:

“Çinin əsas narahatlıqlarından biri Rusiya və Şimali Koreya arasında sıx hərbi əməkdaşlığın Şərqi Asiyada gərginliyin artmasına səbəb ola biləcəyidir. Çünki bu halda Çin də prosesdən kənarda qala bilməyəcək. Bu isə Çinin bölgədə öz üstünlüyünü təsdiq etmək səylərini çətinləşdirəcək.

Koreya yarımadasında münaqişəyə Cənubi Koreya ilə Yaponiya da cəlb oluna bilər ki, bu, Çinin geosiyasi ambisiyalarını çətinləşdirəcək. Şimali Koreya uzun müddətdir nüvə proqramını inkişaf etdirməyə çalışır və Rusiya ilə əməkdaşlıq Pxenyana əlavə resurslar, bilik və dəstək verə bilər. Bu gedişat Pekin tərəfindən Çin üçün əsas prioritet olan regional sabitliyə təhdid kimi qiymətləndiriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər