Gürcüstan parlamenti mitinqlərdə iştirak edənlərin üzlərini müxtəlif geyim əşyaları ilə örtməyi qadağan edən qanun layihəsi hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze səsləndirib:
“Biz mitinq iştirakçılarının müxtəlif vasitələrlə üzlərini örtməsini qadağan edən qanun qəbul edəcəyik. Layihə gələn həftənin sonunadək hazırlanacaq, ayın sonunda qəbul olunacaq və qüvvəyə minəcək".
Baş nazir bir gün əvvəl baş verənləri “birmənalı təxribat” adlandırıb. O qeyd edib ki, məqsəd yalnız ölkədə vəziyyətin intensivliyini süni şəkildə artırmaq ola bilər. Onun sözlərinə görə, bir çox Avropa ölkələrində etiraz aksiyaları zamanı maska taxmaq qadağası qüvvədədir.
Xatırladaq ki, ölkədə növbəti aksiya şənbə günü axşam Tbilisidə parlament binası yaxınlığında başlayıb. Aksiya yaxınlığında, Rustaveli prospektinə bitişik küçələrdə maskalı və qara geyimli naməlum şəxslər tərəfindən vətəndaşlara çoxsaylı hücumlar olub. Xüsusilə də müxalif “TV Pirvəli” telekanalının çəkiliş qrupu yaralanıb. Naməlum şəxslər telekanalın jurnalistini itələyərək, operatoru döyüblər. Gürcüstanın Xüsusi İstintaq Xidməti hadisə ilə bağlı araşdırmalara başlayıb.