Gürcüstan cəmiyyətin müxtəlif qrupları arasında qarşıdurma ərəfəsindədir və hökumət vətəndaşlara qarşı zorakılıq hallarının qarşısını almaq üçün tədbirlər görməlidir.
Teleqraf.com xəbər verir ki, Gürcüstan Patriarxlığının ictimaiyyətlə əlaqələr xidmətinin yaydığı məlumatda belə deyilir.
“Biz açıq şəkildə ciddi ictimai qarşıdurma ilə üz-üzəyik, ona görə də ölkədə sülh proseslərinin təşviqi üçün təcili olaraq qəti tədbirlər görülməlidir. Patriarxlıq Gürcüstan hökumətini və dövlət qurumlarını telekanalın çəkiliş qrupuna hücumu təcili araşdırmağa çağırır. “Jurnalist və operatora naməlum şəxslərin hücumu proseslərin idarəolunmaz hala düşə biləcəyi və bu cür zorakı hərəkətlərin daha tez-tez baş verəcəyi ilə bağlı narahatlıq doğurur”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün Tbilisidə parlament binası yaxınlığında növbəti etiraz aksiyası keçirilib. Rustaveli prospektinə bitişik küçələrdə naməlum maskalı şəxslər vətəndaşlara hücum edərək, onları döyüblər. Xüsusilə də müxalif “TV Pirvəli” telekanalının çəkiliş qrupu yaralanıb. Naməlum şəxslər telekanalın jurnalistini itələyərək, operatoru döyüblər. Gürcüstanın Xüsusi İstintaq Xidməti hadisə ilə bağlı araşdırmalara başlayıb.