9 Dekabr 13:47
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın devrilmiş lideri Bəşər Əsəd Rusiya və İranın himayəsində ola-ola Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş üçün şərt qoymağa çalışdı, bunun da bədəlini ağır ödədi.

Teleqraf.com xəbər verir ki, bunu erməni analitik Akop Badalyan deyib.

Onun sözlərinə görə, Suriyanın keçmiş lideri bununla mümkün görüşə vasitəçilik etmək istəyən Rusiyanı qəzəbləndirib:

“Aylar əvvəl Ərdoğanla Əsədin görüşünə hazırlıq prosesi oldu, burada Rusiyanın vasitəçilik səyi özünü açıq göstərdi, nəticədə görüşlərin bir hissəsi Moskvada baş tutdu.

Əsəd isə şərt qoydu ki, Türkiyə Suriya ərazisini tərk etməlidir.

Özünüzü müdafiə etmək üçün kifayət qədər gücə sahib olanda şərtləriniz çox sərt və amansız ola bilər, ancaq başqasının himayəsində ola-ola bu cür davranmaq ölümcül və faciəli ola bilər. Yəqin Əsəd hesab edirdi ki, nə olur-olsun, Rusiya və İranın ona alternativi yoxdur, Suriya təslim olmayacaq.

Bu, hər hansı bir fövqəldövlətə, hər hansı bir güc mərkəzinə, hətta nəhəng imperiya tarixi-siyasi trayektoriyasına malik bir dövlətə qarşı yol verilə bilən bəlkə də ən ölümcül yanaşmadır.

Belə dövlətlərin zaman və məkanı ölçmək üçün tamamilə fərqli meyarları və düsturları olur, zaman və məkan baxımından ölkələr onlar üçün böyük şahmat taxtasında sadəcə xanalardır.

Fövqəldövlətin sizin üçün alternativinin olmadığını düşünüb, onunla münasibətinizi bu “əsas”da quranda sözün həqiqi mənasında öz məzarınızı qazırsınız. Amma Əsədə qarşı daha yumşaq davranıb onu fiziki yox, siyasi olaraq cəzalandıra bilərdilər. Fövqəlgüclər, xüsusən də nüvə gücləri həmişə alternativlərə malikdirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər