Çin təxminən 30 il ərzində regional sularda ən böyük hərbi dəniz qüvvəsini yerləşdirir. Bu, əvvəlki illərlə müqayisədə Tayvan üçün daha böyük təhdid yaradır.
Teleqraf.com xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin sözçüsü Sun Li-fan məlumat verib.
Qurum rəsmisi bunun Yaponiyanın cənub adalarından Cənubi Çin dənizinə doğru uzanan ərazidə 1996-cı ildən bəri ən böyük hərbi yerləşdirmə olduğunu söyləyib.
Sunun sözlərinə görə, bunun təlim və ya başqa məqsədlə edilib-edilməməsindən asılı olmayaraq, baş verənlər Tayvan üçün böyük təhlükə yaradır.
Tayvanın təhlükəsizlik mənbəsinin “Reuters”ə verdiyi məlumata görə, bölgədəki Çin donanması və çoxsaylı hərbi gəmilər narahatedicidir: “Çin təkcə Tayvanı yox, bölgədəki digər ölkələri də hədəfə alır”.
Çin ordusu hələlik yerləşdirmənin təlim və ya başqa məqsədlə olduğunu şərh etməyib.
Çin Tayvanı öz ərazisi hesab edir. Ölkə lideri Si Cinpin adanın ölkəsinə ilhaqının qaçılmaz olduğunu açıqlayıb.