ABŞ Suriya mövzusunda Türkiyə ilə sıx təmasda olacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki (BMT) daimi nümayəndəsinin müavini Robert Vud bildirib.
BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandıran Vud, Türkiyə və ABŞ-nin müttəfiq olduğunu deyib.
“Türkiyə bizim NATO müttəfiqimiz və ortağımızdır, ona görə də təmasları davam etdiririk. Yaxın günlərdə, həftələrdə və aylarda da bu mövzu üzərində işləməyə davam edəcəyik.Çünki hamımız Suriyada işlərin hara gedəcəyini anlamağa çalışırıq”, - deyə amerikalı rəsmi qeyd edib.
Vud Suriya xalqını təmsil edən və dəstəkləyə biləcək bir keçid prosesi üçün bütün tərəflərin birlikdə çalışmasının çox vacib olduğuna diqqət çəkib.
Amerikalı nümayəndə, həmçinin Suriyada idarəetməni ələ keçirən səlahiyyətlilərin beynəlxalq ictimaiyyət tərəfindən yaxından izləndiyini də söyləyib.