Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyənin vasitəçiliyi ilə münaqişəli vəziyyətdə olan Efiopiya və Somali arasında Ankarada imzalanmış anlaşma barədə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, Türkiyənin uzun müddətdir bu yöndə apardığı siyasətin müsbət nəticə verdiyini deyib.
“Somali və Efiopiya arasında uzun müddətdir davam edən mübahisələrin həlli istiqamətində mühüm mərhələni başa vurduq. Səkkiz ay ərzində göstərdiyi diplomatik səylər və prosesi şəxsən idarə edən Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan sayəsində Türkiyə Afrika qitəsində sabitliyə, sülhə və firavanlığa töhfə verəcək tarixi bir addım atdı.
Bütün proses boyu tərəflərin həssaslıqlarını, prioritetlərini və gözləntilərini diqqətlə dinlədik. Hər iki ölkənin töhfələri ilə razılaşdırdığımız Ankara Bəyannaməsinin imzalanmasına nail olduq”, - Fidan vurğulayıb.
Türkiyənin xarici işlər naziri qeyd edib ki, birgə bəyannamə iki ölkə arasında əməkdaşlığın hansı prinsiplər əsasında quracağını müəyyən edir.
“Bundan sonra da prosesin irəliləməsi və tərəflər arasında əməkdaşlığın gücləndirilməsi üçün dəstəyimizi davam etdirəcəyik”, - Hakan Fidan bildirib.
Somalilandın birtərəfli olaraq Somalidən müstəqilliyini elan etməsi bölgədə gərginlik və böhrana səbəb olmuşdu. Qonşu Efiopiyanın Somalilandla hərbi, siyasi və iqtisadi anlaşma imzalaması ilə gərginliyi artırmışdı. Hər iki ölkənin lideri dünən bu məsələni çözmək üçün Ankarada Prezident Ərdoğanla görüşüb. Görüşdən sonra əməkdaşlığa dair Ankara Bəyannaməsi imzalanıb.