Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin strateji əhəmiyyətli Pokrovsk şəhərinə yaxınlaşırlar. Şəhər ətrafında Ukrayna ordusu üçün vəziyyət pisləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məklumat yayıb.
Ruslar şəhərin 4.8 kilometrliyindədirlər. ABŞ nəşri bildirir ki, Rusiya ordusu Donetskdə 2022-ci ildən bəri ən sürətli templə irəliləyir, hər ay yüzlərlə kvadrat kilometr ərazini ələ keçirir. Rusiya sentyabr-noyabr aylarında Ukrayna ərazisinin 1554 kvadrat kilometrini işğal edib.
Analitiklərin fikrincə, Rusiya ordusu ağır itkilərə baxmayaraq, irəliləmə sürəti günbəgün artır. NYT-nin proqonozuna görə, Rusiya ilin sonuna kimi Ukrayna ərazisinin daha 517-777 kvadrat kilometrini ələ keçirə bilər.
Nəşr xatırladır ki, müharibədən əvvəl əhalisi təxminən 60 min nəfər olan Pokrovsk bir neçə şəhəri birləşdirən əsas yolun üzərində yerləşir. Bura Donetskin hələ də Ukraynanın nəzarətində olan hissəsini qoruyan müdafiə qövsüdür. Bundan əlavə, Pokrovsk Donetskin mərkəzi hissəsindəki sonuncu böyük şəhərdir.
“Cənubda Ukraynanın son iki qalası olan Kuraxiv və Velika Novosilkanın mümkün işğalı ilə birlikdə Pokrovskun alınması Rusiyanın Donetsk vilayətinin cənub hissəsini tamamilə ələ keçirməsinə yol aça bilər. Bu, həm də qonşulara Dnepropetrovsk vilayətinə yeni hücum üçün zəmin yarada bilər”, - NYT belə yazır.