Cənubi Koreya prezidenti Yun Sok Yol müxalifətə təslim olmaq istəmir, istefa verməyəcəyini bir daha bəyan edib. Halbuki dövlət başçısı bir müddət əvvəl hərbi vəziyyət elan etdiyinə və yaranmış narahatlığa görə xalqdan üzr istəmişdi. Buna baxmayaraq, Koreya lideri hərbi vəziyyətin tətbiqi qərarının düzgün olduğunu və bununla hökumətin işini normallaşdırmaq məcburiyyətində qaldığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə o da qeyd olunur ki, prezident parlamentin fövqəladə vəziyyətin ləğvi ilə bağlı qərarına hörmətlə yanaşıb və bundan sonra hərbçilər kazarmalara qayıdıblar:
“Mövcud vəziyyətə görə prezidentlə yanaşı, müdafiə naziri də hədəf seçildi.
Cənub Koreya müxalifəti parlamentdəki səsvermədə prezidenti istefaya göndərmək istəsə də alınmadı. Çünki hakim fraksiyası iclası tərk edib və kvorum olmadığı üçün parlament prezidentə qarşı impiçment elan edə bilməyib. İmpiçment alınsaydı belə, məsələ Konstitusiya Məhkəməsində təsdiq olunmalıydı.
Cənubi Koreyada sabitliyin bərqərar olması ilk növbədə ABŞ-ın maraqlarına cavab verir. ABŞ-ın bu ölkədə hərbi bazaları var. Bundan başqa, Vaşinqtonda hesab edirlər ki, Şimali Koreya Cənubi Koreyada xaosdan öz məqsədləri üçün istifadə edə bilər”.
Təhlildə Cənubi Koreya və Çin arasındakı duruma da diqqət çəkilir:
“Seulun Çindən şübhəsi var. Yunun açıqlamasına görə, bir müddət əvvəl Çinə məxsus dronlar Cənubi Koreya limanında lövbər salan ABŞ-ın hərbi təyyarədaşıyan gəmisinin görüntülərini çəkiblər. Dronları Çin vətəndaşları Cənubi Koreyanın Pusan şəhərindən havaya qaldırblar. Koreya prezidenti Çinin 3 vətəndaşının həbs olunduğunu açıqlayıb. Onun sözlərinə görə, çinlilərin telefonlarında ABŞ hərbi gəmiləri ilə yanaşı, Cənubi Koreyanın hərbi mərkəzlərinin görüntüləri də aşkarlanıb.
Yun bu fakt haqqında ona görə detallı danışıb ki, mövcud qanunvericiliyə görə, xarici ölkənin kəşfiyyatçısını uzun müddət həbsdə saxlanmaq mümkün deyil. O, buna görə parlamentdə qanunların qəbulunda iştirak edən müxalifəti təqsirkar bilib”.