“Gürcüstanda baş verənlər hakimiyyətin devrilməsi cəhdi idi. Bunun üçün illərlə zəmin hazırlanıb”.
Teleqraf.com xəbər verir ki, bunu Tbilisi meri, hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze şəhər şurasının toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xarici güclərin xüsusilə Ukraynadakı hadisələrdən sonra Gürcüstana xüsusi marağı yaranmışdı.
“Onlar Gürcüstanı öz maraqlarının poliqonu kimi istifadə etmək istədilər. Ölkəmizə və hökumətimizə misli görünməyən təzyiq göstərildi və məqsəd Gürcüstanı digər iri dövlətlərin maraqları çərçivəsində fəaliyyətə məcbur etmək idi”, - K.Kaladze söyləyib.
O, təzyiqlərin bu gün də davam etdiyini vurğulayıb.
“Çoxları hələ də gürcü xalqının seçimini əlindən almaq və hakimiyyəti azad, rəqabətli seçkilərdə qalib gələn qüvvələrə deyil, onların təyin etdiyi və gürcü xalqı tərəfindən rədd edilən qüvvələrə təhvil vermək istəyir. Lakin bu mümkün deyil və heç vaxt baş verməyəcək! Onlar nə qədər çalışsalar da, vətənimizi kimsəyə vermərik!”, - mer deyib.
K.Kaladze Gürcüstanda iğtişaşlar və müharibəyə yol verilməyəcyini bildirib.
“Daxili və xarici qüvvələrin çalışdığı Gürcüstanın maraqlarının satılması baş verməyəcək. Bunu həm ölkə daxilində və xaricində də yaxşı anlamalıdırlar”, - o söyləyib.
Mer həmçinin qeyd edib ki, “Gürcü Arzusu” Avropa yolundan heç bir şəkildə yayınmayıb və partiya ölkəni Avropaya yaxınlaşdıran qüvvədir.