Ərazi iddiaları yenə gündəmdədir. Bu dəfə müxtəlif dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edən ABŞ-dır. Bu ölkənin yeni Prezidenti Donald Trampın iş başına keçmədən müxtəlif dövlətlərə qarşı ərazi iddiaları irəli sürməsi böyük narahatlıq yaradıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Kanadanı ABŞ-ın 51-ci ştatına çevirəcəyini söyləyən Tramp Danimarkaya məxsus Qrenlandiyanı da ələ keçirəcəyini vurğulayıb:
“Tramp ötən prezidentliyi dövründə də Qrenlandiyanı istəmişdi, bu səbəbdən Danimarka-ABŞ münasibətləri gərginləşmişdi. Kanada və Danimarka rəsmiləri Trampın iddialarını rədd ediblər. Heç bir ölkə Amerikanın istəyi ilə ərazisindən imtina etməz. Trampın növbəti hədəfi Panama olub. Sosial media paylaşımında “ABŞ-a xoş gəldin, kanal” yazan Ağ Evin yeni sahibi bu dəfə Panama kanalına iddiasını ortaya qoyub. Tramp bu sürətlə getsə, cənub qonşusu Meksikaya da ərazi iddiası irəli sürəcək. Onsuz da Amerika formalaşdığı illərdə Meksikadan xeyli ərazi qoparıb. Amerikanın ən böyük ştatı Texas vaxtilə Mekskiaya məxsus olub.
1920-ci ildə açılan Panama kanalını ABŞ inşa edib. Tikinti 10 il uzanıb və ağır şəraitdə aparılıb. Tikinti zamanı minlərlə insan həlak olub, onların içində ABŞ vətəndaşları da vardı. Kanal uzun illər ABŞ mülkiyyətində olub, yalnız 1977-ci ildə imzalanan müqavilə əsasında 1999-cu ildə Panamaya təhvil verilib. Panama dövləti kanalının istifadəsinə görə hər il milyardlarla dollar qazanır. Bu Panamanın dövlət büdcəsinin əsasını təşkil edir. Bu səbəbdən Trampın “kanal Amerikaya məxsus olacaq” iddiası Panamada narahatlıq doğurmaya bilməz.
ABŞ-ın yeni prezidenti kanalın Panamaya təhvil verilməsini Vaşinqtonun səhv qərarı adlandırıb. Ağ Evin gələcək sahibi Panamanın kanalının istifadəsinə görə ABŞ şirkətlərindən yüksək tariflər aldığını bildirib”.
Mərkəzin ekspertləri vurğulayırlar ki. Trampın iddiası bu kanaldan istifadə edən ölkələrin də narahatlığına səbəb olub:
“Məsələn, Pekin narahatdır ki, Panama kanalı ABŞ-ın nəzarətinə keçsə, bu su yolundan istifadə edən Çinin ticarət gəmilərinə yüksək tariflər tətbiq olunacaq və ya ümumiyyətlə keçidə məhdudiyyətlər qoyulacaq. Panamanın Çinlə sıx əlaqələri var. Bu amil Vaşinqtonu narahat edir.
Panama Pekinin xahişi ilə Tayvanla bütün diplomatik əlaqələri kəsib. Buna cavab olaraq, Çin Panama dövlətinə yatırımlar həyata keçirib”.
Analitiklərin sözlərinə görə, Pekin bu yatırımları ona görə edib ki, Panama kanalından rahat istifadə edə bilsin, ticarət gəmiləri Çin məhsullarını zamanında son ünvana çatdırsın:
“Kanal ABŞ-ın nəzarətinə keçəcəyi halda, bu, Çin iqtisadiyyatına da mənfi təsir edəcək. Bu səbəbdən Pekin Panama ilə birgə Trampın kanala sahiblənməsi səylərinə qarşı mübarizə aparacaq”.