Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmət Büyükataman vətəndaşları hakimiyyətə qarşı küçələrə çıxmağa çağıran Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, o, CHP rəhbərinin Türkiyə düşmənləri ilə eyni yolu getdiyini deyib.
“Cümhuriyyət dəyərlərindən tamamilə qopmuş Özgür Özəl bir daha demokratiyadan ümidini kəsdiyini, iqtidarı anti-demokratik əməllərdə axtardığını bu sözləri ilə etiraf elədi: “Bir milyon insan meydana çıxsın, rejim dəyişəcək”, “Artıq küçələrə çıxmağın vaxtıdır”.
Özgür Özəlin işlətdiyi bu ifadələr Cümhur İttifaqı və millətin iradəsi ilə məğlub olan xarici paytaxtların sözləridir. Təəssüf ki, Özgür Özəl Türkiyəni qeyri-demokratik əməllərin zülmətinə məhkum etməyi planlaşdıran imperializmin sözçüsü olub”, - siyasətçi bildirib.
Büyükataman xarici qüvvələrə işləməkdə günahlandırdığı CHP sədrinə xəbərdarlıq edib:
“Özgür Özəl millətin iradəsini girov almaq istəyən qiyamçıların tutuquşuna çevrilib. CHP və Özgür Özəl düşdüyü zillət çuxurunda cümhuriyyət düşmənləri ilə eyni xəttə gəlib. CHP-nin cümhuriyyətimizlə mübahisə içində olduğu bir daha üzə çıxdı. Özgür Özələ xəbərdarlıq edirik: Türkiyə Cümhuriyyəti küçələrdə tapılmayıb, kənardan idarə olunan küçə təhdidlərinə boyun əyməyəcək”.