Bazar günü Vaşinqtonda 100 yaşında vəfat edən ABŞ-ın 39-cu prezidenti Cimmi Karterlə genişmiqyaslı vida mərasimi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə prezident Co Bayden Ağ Evin saytında yayımlanan on dəqiqəlik çıxışı zamanı bildirib.
“Biz bu münasibətlə Vaşinqtonda böyük mərasim keçirəcəyik”, - deyə o, sabiq dövlət başçısının ailə üzvlərinə başsağlığı verib. Bayden əlavə edib ki, vida mərasiminə hazırlıq artıq başlayıb və onun keçirilmə vaxtı keçmiş prezidentin qohumları ilə razılaşdırılır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Karterdən nə öyrənə biləcəyini soruşduqda, Ağ Ev sahibi belə cavab verib: “Dürüstlük və ədəb”. O, əlavə edib ki, Karter heç vaxt ehtiyacı olan insanlara laqeyd yanaşmaz və xarici görünüşünə görə onları aşağılamazdı. O hesab edir ki, Karterə “keçmiş dövrün” əksi kimi baxmaq düzgün deyil. “Mən onun timsalında təkcə bizim zəmanəmizin deyil, bütün dövrlərin insanını görürəm”, - deyə prezident bildirib. Onun fikrincə, “bu gün Amerika və bütün dünya görkəmli liderini, dövlət xadimini itirib”.
Tramp və həyat yoldaşı Melaniya da Karterin ailəsinə və yaxınlarına başsağlığı verib. Tramp qeyd edib ki, Karter “amerikalıların həyatını yaxşılaşdırmaq üçün əlindən gələni edib”. “Fəlsəfi və siyasi məsələlərdə onunla qətiyyən razılaşmasam da, onun ölkəmizi həqiqətən sevdiyini və hörmət etdiyini başa düşdüm” deyə Tramp özünün Truth-dakı sosial səhifəsində yazıb: “O, Amerikanı daha yaxşı bir yerə çevirmək üçün çox çalışıb".