Abdullah Öcalan PKK terror təşkilatını ləğv etməyə və ya buraxmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Mehmet Acet bildirib.
Onun sözlərinə görə, Öcalan bununla bağlı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya müsbət cavab göndərib:
“DEM Partiyasının millət vəkilləri Sırrı Sürəyya Öndər və Pərvin Buldan dekabrın 28-də İmralıda (həbxanada) 6 saatlıq görüşdən sonra Abdullah Öcalanın 7 maddəlik bəyanatını ictimaiyyətə açıqladı.
Öcalanın bu iki mesajı diqqət çəkir:
“Cənab Baxçalı və cənab Ərdoğan tərəfindən gücləndirilmiş yeni paradiqmaya lazımi müsbət töhfə vermək səlahiyyəti və qətiyyətinə sahibəm.
Nümayəndə heyəti bu yanaşmanı həm dövlət, həm də siyasi dairələrlə bölüşəcək. Bunların işığında mən lazımi müsbət addımı atmağa və çağırış etməyə hazıram”.
Məlumdur ki, Öcalan “çağırış” dedikdə, Baxçalının oktyabrın 22-dəki çağırışını nəzərdə tutur.
Bunu tam olaraq belə qeyd eləməsə də, “Mən qurduğum təşkilatın ləğvinə çağırış etməyə hazıram”, dediyi bəllidir.
Həmçinin mesajlardan anlayırıq ki, Öcalan bu çağırışı etməzdən əvvəl ona baş çəkən DEM heyətinin (onların təbirincə desək) dövlət və siyasi dairələrlə münasibətini bölüşməsini gözləyəcək.
İmralı ilə ilk təmasın bu nəticəsi başlanğıcı və sonu aydın şəkildə aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən bir yol xəritəsinin keçid dövrü ilə bağlı bir detaldırsa, heç bir problem yoxdur. Düşünmək olar ki, “Terrordan azad Türkiyə” məqsədinə uyğun olaraq hər şey planlaşdırıldığı kimi gedir.
Belə bir durumda yeni Konstitusiya ilə bağlı parlamentdə aparılacaq işlərin əhəmiyyəti daha da artır”.
Acet vurğulayıb ki, parlamentdəki hazırkı durum “terrordan azad Türkiyə” məqsədinə çatmaq üçün lazımi addımların atılması baxımından 2013-cü ildəkindən qat-qat əlverişlidir.
Xatırladaq ki, MHP lideri oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırıb. Onun fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baxçalının bu təklifini dəstəkləyib.