31 Dekabr 2024 09:37
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Gürcüstanın Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndi yaxınlığında iki azərbaycanlı yeniyetmənin ölümü ilə nəticələnmiş yol qəzasından sonra yaranmış qarşıdurma zamanı bir neçə polis əməkdaşı və 8 vətəndaş xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, magistralda yol-nəqliyyat hadisəsi baş verəndən sonra ərazidə kənd sakinləri toplaşıb və vəziyyət gərginləşib. Nəticədə vətəndaşlar və polis arasında qarşıdurma baş verib. Hadisə yerində toplaşan insanlar qəza törədən avtomobil və təcili tibbi yardım maşınını aşırıblar. Onlar həmçinin digər vətəndaşlara məxsus avtomobillərin pəncərələrini sındırıblar.

Hadisə yerinə toplaşmış şəxslər yol-nəqliyyat hadisəsində iştirak edən avtonəqliyyat vasitəsinin sərnişinlərinin hərəkətinə imkan verməyib, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının istintaq-əməliyyat tədbirləri həyata keçirməsinə mane olub, təcili tibbi yardım həkimlərinin fəaliyyətinə imkan verməyiblər.

Gərginliyi azaltmaq üçün dərhal DİN-nin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən patrul, kriminal və xüsusi təyinatlı idarələrinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Qarşıdurma nəticəsində DİN-nin bir neçə əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 vətəndaş da xəsarət alıb və onlara müvafiq tibbi yardım göstərilib. Onların bəziləri hələ də tibb müəssisələrindədir.
Qeyd edək ki, yol qəzasını törədən 21 yaşlı sürücü ötən gün saxlanılıb. Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər