Ukrayna ordusunun PUA-ları işğal olunmuş Krım yarımadası və Rusiyanın Oryol və Smolensk vilayətlərinə zərbələr endirib. Smolenskdə pilotsuz təyyarələrin hədəfi Yartsevdəki neft anbarı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda deyilir ki, hava zərbələrindən sonra hazırda söndürülən neft anbarında güclü yanğın başlayıb.
Yartsev rayonunun rəhbəriliyi də neft bazasında baş verən yanğını təsdiqləyib: “Ukrayna PUA-ları yanacaq-energetika kompleksinin obyektinə hücum edib, düşmənin hücumu nəticəsində yanğın baş verib”.
Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz səhər saatlarında sözügedən bölgənin səmasında Ukraynaya məxsus 19 kamikadze dronunun vurulduğunu açıqlayıb.
Ukrayna mətbuatı Sevastopola kütləvi hava hücumları barədə də yazır. Gecə saatlarında Kozaçoy körfəzində iki hücum qeydə alınıb. Sevastopol rəhbəri Mixail Razvoçayev bir neçə PUA-nın məhv edildiyini bəyan edib.
Rusiya Müdafiə Nazirliyi də Krım üzərində 17 pilotsuz təyyarənin zərəsizləşdirildiyini açıqlayıb.