Yeni seçilmiş Prezident Donald Trampın Panama kanalını ələ keçirməklə hədələməsi ABŞ-ın müttəfiqlərini Rusiya və Çinə yaxınlaşdıra bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin səlahiyyət müddəti başa çatan sədri Ben Kardin deyib.
Senator bildirib ki, Trampın Panama kanalı, Qrenlandiya (Danimarka) və Kanada ilə bağlı iddiaları Amerikanın qlobal nüfuzuna təsir edir.
“Artıq müttəfiqlərimiz bilmirlər ki, biz etibarlı tərəfdaşıq, ya yox. Seçilmiş prezidentin nə söylədiyini, nə dərəcədə səmimi olduğunu bilmirəm, amma sizə deyə bilərəm ki, bu, bizim etibarlı tərəfdaş olub-olmamağımızla bağlı bütün dünyada suallar doğurur və bu, digər ölkələrin Rusiya və Çinə maraqlarını artırır”.
Kardin Trampın Qrenlandiyanı Danimarka hökumətindən istəməsi və Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ilə bağlı zarafatlarını, bu ölkənin Baş naziri Castin Trüdonu ələ salmasını mənasız söhbət adlandırıb.
Siyasətçi Trampın əvvəlki dönəmində ABŞ-ı NATO-dan çıxarmaqla bağlı hədələlərini də xatırladıb.
Trampın ikinci administrasiyası dövründə Ukraynanın gələcəyi ilə bağlı sualı cavablandıran Kardin, ABŞ Konqresində hələ də ikitərəfli dəstəyin olmasına baxmayaraq, onun Ukrayna ilə bağlı mesajlarının çox narahatedici olduğunu vurğulayıb.
Müqayisə üçün qeyd edək ki, Kanadanın ərazisi 10, ABŞ-ın ərazisi isə 9.8 milyon kvdrat kilometrdir. Dünyanın ən böyük adası olan Qrenlandiya isə 2.1 milyon kvadrat kilometr ərazini əhatə edir.
Panama kanalına gəlincə, bura Şimali və Cənubi Amerikanı ayıran, Atlantik və Sakit okeanlar arasında strateji dəniz yoludur. Kanal Panama dövlətinə məxsusdur.