Rusiya qazının tranzitinin dayandırılması Ukrayna üçün böyük maliyyə və reputasiya itkisi ilə nəticələnəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk bildirib.
Məsələ ilə bağlı öz teleqram kanalında açıqlama verən deputat ölkəsinin Rusiya qazının tranzitinin dayandırılması nəticəsində ciddi maliyyə və reputasiya itkisi ilə üzləşdiyini bildirib.
“Ukraynanın itkiləri böyükdür və bu, yalnız reputasiya itkisi ilə məhdudlaşmır! Ukrayna tranzitdən əldə etdiyi illik 800 milyon dollar (təxminən 90,9 milyard rubl) gəlirdən məhrum olacaq,” – deyə o yazıb.
Deputat vurğulayıb ki, Ukrayna hakimiyyəti bu itkiləri daxili istehlakçılar hesabına kompensasiya etməyə çalışacaq, lakin bunu tam şəkildə etmək mümkün olmayacaq. Onun sözlərinə görə, qazın daşınma tarifi dörd dəfə artırılacaq.
Dmitruk həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya qazının tranzitini dayandırmaq qərarını anti-dövlət addımı adlandırıb.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən "Qazprom" şirkəti Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini tamamilə dayandırıb.