Afrika İttifaqı Komissiyası yanvarın 9-dan 11-dək Uqandanın Kampala şəhərində Afrikanın hərtərəfli kənd təsərrüfatının inkişafı gündəliyi üzrə fövqəladə sammit keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ittifaqın yaydığı məlumatda qeyd olunub.
"Afrika İttifaqı Komissiyası 2026-2035-ci illər üçün qitənin hərtərəfli kənd təsərrüfatının inkişafı proqramını müzakirə etmək üçün 9-11 yanvar tarixlərində Kampalada Uqanda hökuməti ilə fövqəladə sammit keçirəcək. İclasda güclü və dayanıqlı aqrobiznes sistemlərinin qurulması üçün 10 illik gündəlik planı qəbul edilməlidir. Buraya iqtisadiyyat, struktur dəyişiklikləri və kənd təsərrüfatı sahəsində çalışınların rifahının yaxşılaşdırılması daxildir", - məlumatda bildirilir.
Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Afrika əhalisi 2050-ci ilə qədər 2,5 milyarda çatacaq. Afrikalıları ərzaqla təmin etmək problemi AU üçün prioritet məsələdir. Qitə ölkələri öz istehsalını inkişaf etdirməyi vacib hesab edir. Ötən il Afrikada ac insanların sayı 50 milyona yaxın olub.