Yanvarın 7-dən etibarən "Qatar Airways" Suriyanın paytaxtı Dəməşqdəki Dəməşq Beynəlxalq Hava Limanına həftədə üç uçuş həyata keçirəcəyini açıqlayıb. Bununla da Dəməşqə ilk beynəlxaq uçuşu bərpa edəcək ilk dövlət Qətər olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Qatar Airways"in bəyanatında deyilir:
“Biz Suriyanı Doha vasitəsilə dünyanın 170-dən çox istiqaməti ilə birləşdirərək, regional əlaqəni gücləndirməyi düşünürük. Bu qərar regional əlaqəni gücləndirmək və sərnişin tələbatını ödəmək əzmini əks etdirir və uçuşlardan əvvəl bütün lazımi təhlükəsizlik və əməliyyat standartlarını təmin etmək üçün aidiyyəti orqanlarla sıx əməkdaşlıq etdiyimizi bildiririk".
Suriyada "Baas" rejiminin devrilməsindən sonra Dəməşq Hava Limanı yenidən fəaliyyətə başlayıb. Ötən il dekabrın 18-də "Suriya Hava Yolları"na məxsus sərnişin təyyarəsi yeni dövrdə Dəməşq Beynəlxalq Hava Limanından Hələbə ilk uçuşunu həyata keçirib.
Bu arada, Qətərin Dəməşqdəki səfirliyi 13 ildən sonra ötən il dekabrın 21-də yenidən fəaliyyətini bərpa edib.
Xatırladaq ki, Qətərin məsul dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Hüleyfi ötən il dekabrın 23-də Dəməşqdə Suriyada yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə görüşmüşdü.