4 Yanvar 12:59
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Aviasiya Administrasiyası “Azərbaycan Hava Yolları”na (AZAL) aid təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra aeroportda və təyyarələrdə plandankənar yoxlamalar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun tapşırığına uyğun olaraq, Qazaxıstanın Aviasiya Administrasiyası hava limanlarının və hava gəmilərinin texniki vəziyyətinin plandankənar auditini həyata keçirəcək", - deyə nazirliyin bəyanatında qeyd olunur.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.

Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.


Müəllif: Teleqraf.com