ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qlobal ticarət müharibəsinə və nəticədə qlobal tənəzzülə səbəb ola biləcək yeni idxal tariflərinin tətbiqini təklif edib.
Teleqraf.com "RİA Novosti"y istinadən xəbər verir ki, bu barədə “Expert RA” reytinq agentliyinin baş iqtisadçısı Anton Tabax deyib.
Onun sözlərinə görə, son illər dünya iqtisadiyyatı problemlərlə üzləşib. Beləliklə, artım templəri aşağı qalır və koronavirus pandemiyasından əvvəlki səviyyələrə çatmır. Qlobal ÜDM artımının 2022-ci ildəki 3,6%-dən 2023-cü ildə 3,3%-ə və 2024-cü ildə 3,2%-ə qədər azalması davam edir.
Tabax əlavə edib ki, Çindən və digər ölkələrdən idxal olunan mallara rüsumların artırılması Trampın çıxışlarının əsasını təşkil edir. Siyasətçi Çin mallarına əlavə 10% tarif tətbiq etmək niyyətindədir və 60-100%-ə qədər artımın mümkünlüyü barədə xəbərdarlıq edib. Seçilmiş prezident həmçinin digər ölkələrdən idxal edilən hər şeyə 10% rüsum tətbiq etməyi planlaşdırır . O artıq Meksika və Kanadanı məhsullarına 25% rüsum tətbiq etməklə hədələyib.