Gürcüstanda əcnəbi cütlüyə qarşı silahlı basqın törətmiş iki nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər yanvarın 5-də Zuqdididən Mestiyaya yollanan iki əcnəbi vətəndaşa qarşı soyğunçuluq edərək onların mobil telefonlarını oğurlayıblar.
Əcnəbilərdən biri 1986-cı il təvəllüdlü V.S. adlı şəxs güllə yarası alıb. Cinayəti ört-basdır etmək məqsədilə təqsirləndirilən şəxslər daha sonra meyiti çaya atıblar. Xarici vətəndaşın cəsədi Mestia bələdiyyəsi ərazisindəki Nakra çayında tapılıb.
Cinayəti törətməkdə təqsirli bilinən hər iki şəxsi 16 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.
Qeyd edək ki, əcnəbilər Gürcüstana turist səfəri etmiş Rusiya vətəndaşları olublar. Qətlə yetirilən şəxs Viktor Solovyovdur. Qatillər onu avtomobillə qaçırıblar, həyat yoldaşını isə buraxıblar.
***
09:58
Gürcüstanın Mestia rayonunun Nakra kəndində turist ər-arvada basqın edilib.
Teleqraf.com xəbər verir ki, həmin şəxslərin Rusiya vətəndaşları olduqları bildirilir.
Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, faktla bağlı soyğunçuluq və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması maddələri üzrə istintaq aparılır.
Basqın zamanı xəsarət alan qadın polis bölməsinə aparılıb, onun həyat yoldaşının axtarışları isə davam etdirilir.