Qərb Kiyevə Rusiyanın dərinliklərini uzaqmənzilli raketlərlə vurmaq icazəsi versə də, ATACMS-lar S-400 müdafiə sistemini yarıb keçə bilmir. Üstəlik Moskvanın "Oreşnik" hipersonik raketləri də Ukraynanın müqavimətini qırmaq gücündədir.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna güclərinin Belqorod rayonuna 8 ədəd ATACMS raketi atdığını, lakin onların hamısının S-400 və Pantsir-SM hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib. Həmçinin gündəlik 70-ə yaxn PUA vurularaq məhv edilir. Rusiya MN-nin məlumatına görə, hələ 2024-cü il noyabrın 23-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətindəki S-400 zenit diviziyasının mövqeyinə 5 ATACMS raketi atıb. 3 raket məhv edilib, 2-si hədəfə çatıb. Noyabrın 25-də Kursk-Vostochnıy aerodromuna isə 8 ATACMS operativ-taktiki raketi atılıb. Həmin raketlərdən yalnız biri hədəfə çatmışdı.
ABŞ prezidenti Co Baydenin ardınca, Avropa liderlərinin də Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanı vurmaq icazəsi verməsi Kiyevdə müəyyən ümidlər yaratmışdı. Ukrayna ordusu təkcə ABŞ istehsalı olan ATACMS raketləri ilə deyil, Fransa və İngiltərə raketləri ilə də Rusiyaya hücum etməkdədir.
Rusiya tərəfi hesab edir ki, Ukraynadakı Qərb raket sistemlərini NATO mütəxəssisləri idarə edir. Prezident Vladimir Putin daha öncə Ukraynanın ATACMS-la hücumlarına nüvə başlıqları daşıya bilən "Oreşnik"lə cavab veriləcəyi xəbərdarlığını edib. Putin qeyd edib ki, heç bir müasir havadan müdafiə sistemi səsdən sürətli olan "Oreşnik"lərin qarşısını almaq gücündə deyil.
"Kiyevdə bir hədəf müəyyən etsinlər və bütün hava hücumundan müdafiə sistemlərini ora yığsınlar. Biz də oranı "Oreşnik"lə vuraq. Baxaq görək nə olur? Biz belə bir sınağa hazırıq. Qarşı tərəf hazırdımı"? - Putin bildirib.
Türkiyəli hərbi ekspert general Beyazıt Karataş S-400-ləri Amerika patriotları ilə müqayisə edərək bildirib ki, Rusiya istehsalı olan bu sistem ABŞ-nin uyğun sistemindən 4 dəfə güclüdür: "Türkiyə ordusunun istismarında olan S-400-lər tam işlək vəziyyətdədir və qırıcılarımızı yüksək səviyyədə müşayiət edir, hava məkanımızı qoruyur".