Milyarder İlon Maskın ABŞ-dən başqa digər ölkələrin siyasi məsələlərinə qarışması narahatlıq doğurur.
Teleqraf.com xəbər verir ki, bunu Norveç Baş naziri Yonas Qar Stere deyib.
“Sosial mediaya geniş çıxışı və böyük iqtisadi resursları olan bir insanın başqa ölkələrin daxili işlərinə bu qədər, birbaşa qarışması məni narahat edir”, - hökumət başçısı bildirib.
Müttəfiqlər arasında münasibətlərin belə olmaması lazım olduğunu qeyd edən Stere Maskın ölkəsi ilə bağlı şərh verəcəyi təqdirdə Norveç siyasətçilərinin sağlam düşüncə ilə davranacaqları və mübahisələrdən uzaq duracaqlarına ümid etdiyini vurğulayıb.
Son zamanlar Mask bəzi avropalı siyasətçiləri hədəf alan paylaşımlar edir.
Amerikalı milyarder bundan əvvəl X-də radikal sağçı “Almaniya üçün Alternativ” (AfD) Partiyasını tərifləyib:
“Almaniyanı yalnız AfD xilas edə bilər”.
Mask paylaşımında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer üçün bu ifadələri işlədib: “Ştaynmayer antidemokratik tirandır. Ayıb olsun ona”.
Maskın bu sözləri Avropada, xüsusən də Almaniyada böyük əks-səda doğurub.
İlon Mask həmçinin iddia edib ki, Böyük Britaniya Baş naziri Keyr Starmer baş prokuror vəzifəsində çalışarkən uşaqlara qarşı zorakılıq edən dəstələri lazımi səviyyədə cəzalandırmayıb.
Britaniya lideri isə milyarderi yalan və dezinformasiya yaymaqda ittiham edib.