Panama ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın lazım gələrsə, Panama kanalına nəzarət etmək üçün hərbçilərdən istifadə edə biləcəyi ilə bağlı açıqlamasına cavab verib.
Teleqraf.com xəbər verir ki, ölkənin xarici işlər naziri Xavyer Martinez-Aça Panama kanalının ölkəsinin suverenlik uğrunda mübarizəsinin bir hissəsi olduğunu bildirib.
“Panama kanalı geridönməz bir fəthdir”, - Martinez-Aça deyib.
Xarici işlər naziri Panama Prezidenti Xose Raul Mulinonun sözlərini xatırladaraq qeyd edib:
“Kanalımızın suverenliyi müzakirə olunmur. Kanala nəzarət edən yeganə güc Panamadır və bundan sonra da belə olacaq”.
Xatırladaq ki, Tramp dünənki açıqlamasında Panama kanalı və Qrenlandiyaya (Danimarka) nəzarəti ələ keçirmək üçün lazım gələrsə, hərbi gücdən istifadə edə biləcəyini bəyan edib:
“Bu ikisi ilə bağlı sizə zəmanət verə bilmərəm. Bəlkə nəsə etməliyik. Bunlar bizim iqtisadi təhlükəsizliyimiz üçün lazımdır”.