İstanbul Böyükşəhər bələdiyyəsinin (Türkiyə) sədri Əkrəm İmamoğlunun Suriyanın paytaxtı Dəməşqə elan etdiyi səfəri təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, Dəməşq valisi Mahir Mərvan səfərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra baş tutmalı olduğunu bildirərək, müraciəti rədd edib.
İmamoğlu bundan əvvəl Türkiyənin müvafiq qurumlarına məlumat verildikdən sonra səfərlə bağlı Dəməşq valiliyinə müraciət etdiyini açıqlamışdı.
İstanbulun bələdiyyə sədri də səfərin ləğv edildiyini təsdiqləyib:
“Təəssüf ki, səfər təsdiqləndikdən 6 saat sonra maraqlı bir hadisə baş verdi və bu vaxt ərzində nə oldusa, Dəməşq valiliyi Türkiyə Bələdiyyələr Birliyi nümayəndə heyəti ilə görüşün Prezident Ərdoğanın səfərindən sonraya təxirə salındığını açıqlayaraq, proqramı ləğv elədi”.