Rusları Ukraynanın ələ keçirilmiş ərazilərindən çıxarmaq qeyri-mümkündür.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Mayk Uols deyib.
“Krım da daxil olmaqla, Ukrayna torpağının hər qarışından hər bir rusu sıxışdırıb çıxarmağın mümkün olacağını iddia etmək real deyil. Prezident Tramp bu reallığı tanıyıb, məncə, bütün dünyanın bunu tanımağa başlaması vacibdir”, - siyasətçi bildirib.
Uols həmçinin, Rusiya ilə Ukrayna arasındakı münaqişənin diplomatik yolla sona çatdırılmasına və bütün dünyanı əhatə edə biləcək gərginliyin qarşısını almağa çağırıb: “İlk addım atəşkəs olmalıdır ki, bu da danışıqlar prosesinin başlanmasına imkan verəcək”.
Trampla Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüşdən danışan müşavir buna hazırlığın tam sürətlə getdiyini açıqlayıb.
Görüşün zəruriliyinə diqqət çəkən Uols qeyd edib ki, qarşı tərəflə müəyyən münasibət və dialoq olmasa, sövdələşmə mümkün olmayacaq: “Biz bunu (dialoqu) yaxın aylarda mütləq quracağıq”.