“Qərb 26 oktyabr parlament seçkilərinin nəticələrini tanımamaqla və ATƏT/DTİHB-nin rəyinə məhəl qoymamaqla gürcü xalqını məsxərəyə qoyur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, böyüklüyündən və cəzasızlığından məst olan Qərb özünü seçkilərin nəticələri ilə bağlı mühakimə yürütmək hüququna malik hesab edir. XİN başçısı nümunə kimi Gürcüstan, Moldova və Rumıniyada keçirilən seçkiləri göstərib.
“Baxın, gürcü xalqını necə ələ salırlar. Yeri gəlmişkən, bizi ittiham edirdilər ki, biz nəsə etmişik. ATƏT müşahidəçiləri heç bir böyük qanun pozuntusu aşkarlamayıblar. Bu formula o deməkdir ki, hər şey edildi, hər şey düzgündür, hər şey qanunidir. Yox, bu, onların xoşuna gəlmir”, - S.Lavrov deyib.
XİN rəhbəri həmçinin qeyd edib ki, Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili səlahiyyət müddəti bitəndən sonra vəzifəsini tərk etməyəcəyi ilə bağlı vədini yerinə yetirməyib:
“Salome Zurabişvili söz vermişdi ki, Gürcüstan prezidenti postunu hətta səlahiyyət müddəti başa çatandan sonra tərk etməyəcək, lakin sonra sakitcə getdi və Amerikanın beyin mərkəzində işə düzəldi”.