PKK terror təşkilatının ləğv edilməsi üçün təlimat vermişəm.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Suriyanın təbii sərvətlərini zəbt edən YPG silahı yerə qoymasa, gözlənilən aqibətdən xilas ola bilməyəcək. Kürd qardaşlarımızın bütün məsələlərini dəstəkləyirik, izləyirik və onların təhlükəsizliyinin qarantıyıq. İŞİD kimi layihə əsaslı bəhanələrə gəlincə, bunlar artıq inandırıcı deyil. Bu məsələni həll edə biləcək ən böyük güc Türkiyədir. Hər kəs əlini bölgədən uzaq tutsun, suriyalı qardaşlarımızla birlikdə həm İŞİD-i, həm də YPG-nin başını əzə bilərik. Bizdə bu güc var”, - prezident bildirib.
Türkiyə lideri vurğulayıb ki, terrorla mübarizədə kritik nailiyyətlər əldə edilib:
“Türkiyə hər sahədə gücünün zirvəsindədir. Belə bir tənlikdə terror bəlasına həmişəlik son qoyulmalıdır. Bu anlayışla dostlarımıza separatçı təşkilatın (PKK) ləğv edilməsi təlimatını vermişik”.
Ərdoğan əlavə edib ki, əgər təşkilat bu çağırışa qulaq asmasa, o zaman terrordan azad Türkiyə məqsədinə başqa üsullarla nail olacaq:
“Uzun illər təşkilata dəstək verən qüvvələr indi öz canları ilə əlləşirlər. Görürük ki, heç bir qüvvə əvvəlki kimi effektiv dəstək verə bilmir. Amma biz məsələni sakit yekunlaşdırmaq istəyirik. Çünki xalqımız hər cəhətdən çox əziyyət çəkib. Gün bu gündür. Bu gün coğrafiyamızda sülhün hökm sürdüyü gündür”.