“Suriya Demokratik Qüvvələri” (SDQ) Suriya silahlı qüvvələrinin tərkibində öz muxtariyyətini saxlaya bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Suriyanın yeni müdafiə naziri Murhaf əbu Kəsra "Reuters"ə deyib.
Britaniya agentliyi yazır ki, ölkənin şimal-şərqində təktərəfli qaydada öz muxtariyyətini elan edən kürd qüvvələri müstəqil blok kimi Suriya Müdafiə Nazirliyinə inteqrasiya təklif edib. SDQ komandiri Mazlum Abdi bu yaxınlarda Səudiyyə Ərəbistanının “Asharq News” telekanalına demişdi ki, onların prioriteti mərkəzləşdirilməmiş idarəetmədir.
Əbu Kəsra bu fikri qətiyyətlə rədd edərək vurğulayıb: “İyerarxiya daxilində Müdafiə Nazirliyinə daxil olacaqlar. Onların hərbi blok olaraq qalmaları doğru deyil”.
Əhməd Şəranın rəhbərliyindəki yeni hökumət ölkə daxilindəki çoxsaylı silahlı qruplaşmaları martın 1-dək vahid hərbi strukturda birləşdirməyi hədəfləyir. PKK terror təşkilatının qanadları olan SDQ və YPG isə ABŞ-nin dəstəyi ilə bundan yayınmağa çalışır.
Sözügedən təşkilatlar Türkiyə tərəfindən də təhlükəsizliyə təhdid olaraq görülür. Rəsmi Ankara məsələ dinc yolla həll edilməyəcəyi təqdirdə, hərbi variantın istisna olmayacağını bəyan edib. Dəməşq Ankara ilə razılaşıb.