Ukraynanın sabiq prezidenti Petro Poroşenkoya qarşı cinayət işində yeni xəyanət epizodu araşdırılır. Söhbət onun Rusiyada və işğal olunmuş Ukrayna ərazilərindəki biznesindən və rus ordusunun maliyyələşməsindən gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Zakon i Biznes” (“Закон і Бізнес”) yazır.
Nəşr hüquq-mühafizə orqanlarındakı mənbələrlə istinadla bildirir ki, Poroşenkoya qarşı dövlətə xəyanətin yeni epizodları Rusiya büdcəsinə külli miqdarda verginin ödənilməsi və Sevastopolda yerləşən Poroşenkonun şirkətinə məxsus “Sevmorzavod”un buranı Rusiya şəhəri kimi tanınması ilə bağlıdır.
“Krımın Rusiya tərəfindən ilhaqından sonra Poroşenkoya məxsus “Sevmorzavod” Rusiya Sənaye və Ticarət Nazirliyi ilə yazışmalara başlayıb. Yazışmada zavod və rəhbəri (Poroşenkonun biznes tərəfdaşı - red.) Kostyantin Kartoşkin Sevastopolun Rusiyanın federal əhəmiyyətli şəhəri olduğunu bildirir və şirkətin maliyyə-iqtisadi göstəriciləri barədə də Rusiya tərəfinə müvafiq məlumat verir. Bundan əlavə, Poroşenkonun meneceri “Kanal 5”-də çıxış edərək, tez-tez Sevastopolun Ukraynada qeyri-müəyyən statusa malik olduğu ifadəsini işlədir”, - məlumatda deyilir.
Poroşenko və onun Rusiyadan olan biznes tərəfdaşlarının əməkdaşlığına dair faktlardan biri də odur ki, Moskva dərhal milliləşdirilən bir çox digər Ukrayna şirkətlərindən fərqli olaraq onun zavodunu uzun müddət milliləşdirməyib.