2037-ci il üçün hədəfini “lazım gəldikdə hücuma hazır olmaq” anlayışı ilə müəyyən edən Yunanıstan donanması gəmilərində uzaqmənzilli raket sistemləri quraşdırmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti məlumat yayıb.
Yunan nəşri yazıb ki, qarşıdakı dövrdə 1000-1400 kilometrə qədər mənzilli raket sistemlərinin Fransadan sifariş edilən 3 “Belharra” tipli freqat və 2-4 yeni sualtı böyük döyüş gəmilərində quraşdırılması nəzərdə tutulur.
“Türkiyənin “Mavi Vətən” (dənizlər) doktrinası münaqişə vəziyyətində Egeyin qərbindəki yunan qüvvələrini sıxışdırmaq məqsədi daşıyır. Buna qarşı görülə biləcək tədbir əməliyyatlar sahəsinə yalnız Egeyin qərbi yox, Aralıq dənizinin şərqini də daxil etməkdir. Türkiyə bu durumda Antalya və ya Hatay körfəzləri kimi nöqtələri qorumaq məcburiyyətində qalacaq”.
“Ta Nea” qəzeti də bu yaxınlarda İsraildən sifariş edilən 32 kilometr mənzilli “Spike Nlos” və 300 kilometr mənzilli “Puls” raket sistemlərinin əksəriyyətinin Egeydəki adalarda yerləşdiriləcəyini yazıb.
“Kathimerini” Türkiyə Hərbi Dəniz Qüvvələrində freqatlar, zenit silahları, helikopter və təyyarədaşıyan gəmilər, korvetlər və sualtı gəmilər də daxil olmaqla, ümumilikdə 35 gəminin olduğunu bildirib. Nəşr Türkiyənin 2030-2035-ci illərdə inventara 45 yeni gəminin əlavə ediləcəyini vurğulayıb.
Qəzet Yunanıstan donanmasının isə cəmi 22 gəminin olduğunu bildirib: “2030-2035-ci illərdə Yunanıstan donanmasına 21-30 gəminin əlavə olunacağı təxmin edilir”.