21 Yanvar 14:56
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırmızı dənizdə gəmilərə hücum edən, bir ildir İsraili raket və PUA-larla hədəfə alan Yəmənin “Ənsarullah” qruplaşması (husilər) “Qəzzada İsrailin məğlub edilməsi”nə kömək üçün İrana təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazır.

Husilərin lideri Əbdül-Malik əl-Husi “İsrailin Qəzzada müqavimət qüvvələrinin regional koalisiyasının dəstəyi sayəsində məğlub olduğunu” söyləyərək, İranın “fələstinlilərin qələbəyə çatmasında mühüm rolu”nu yüksək qiymətləndirib.

Husilərin mesajını şərh edən İsrail nəşri bildirir ki, ”Hizbullah”ın zəifləməsi və İraqdakı proksilərin kənarda qalması ilə “Ənsarullah” İranın bölgədəki “əsas nümayəndə”si olmaq üçün oyun hazırlayır:

“Husilər İranın İsrailə qarşı çoxcəbhəli müharibədə mühüm rol oynadığını deyirlər.

Bu arada İranın ali rəhbəri Əli Xameneyinin hərbi müşaviri, briqada generalı Əmir Hatəmi söyləyib ki, İsrail HƏMAS, “İslami Cihad”, “Hizbullah” və “Ənsarullah” kimi qrupların ideoloji-hərbi gücünü darmadağın etmək iqtidarında deyil.

İranlı general İsrailin HƏMAS və “Hizbullah”la quru döyüşlərində məğlub olduğunu da iddia edib.

Bəllidir ki, İran baş verənləri İsrailə qarşı regional müharibə kimi görür. Tehran bu yaxınlarda Rusiya ilə yeni müqavilə imzalayıb. İran deyir ki, bu razılaşma əsasən iqtisadi əlaqələrə yönəlib. İran bunu açıq şəkildə İsrailə qarşı iqtisadi mübarizə kimi göstərmək istəyir. Bu, o deməkdir ki, ötən həftəsonu atəşkəs imzalandıqdan sonra İran İsrailə hücumları yenidən bərpa edə bilər.

Husilər, həmçinin “dəqiq və idarəolunan raketlər”ə sahib olduqları ilə öyünürlər. Husilər bu yaxınlarda Səudiyyə Ərəbistanını Yəmənlə bağlı keçmiş səhv hesablamalarını təkrarlamamaq barədə xəbərdar etməklə hədələyib. Qruplaşma Yəmənə qarşı hər hansı yeni təcavüzün Səudiyyə iqtisadiyyatına ağır itkilərlə nəticələnəcəyi barədə xəbərdarlıq edib. Eləcə də husilər gəmilərə hücumları yenidən başlayıblar, amma əsasən İsrailə bağlı gəmiləri hədəfə almağa davam edəcəklərini söyləyirlər.

İran dövlət mediasında husilərlə bağlı çoxsaylı məqalələr bu qrupun Tehran üçün nə qədər önəmli olduğunu göstərir. Səudiyyə və İsrailə qarşı təhdidlər regionda geniş böhrana səbəb ola bilər, çünki Donald Trampın yeni administrasiyası gəmilərə hücumla razılaşmayacaq. ABŞ administrasiyası Səudiyyə və İsrailin narahatlıqlarını dəstəkləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər