Rusiyanın ambisiyaları təkcə Ukraynaya qarşı təcavüzlə məhdudlaşmır, bu, NATO ölkələri üçün də real təhlükə yaradır.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Avropa Qüvvələrinin baş komandanı general Kristofer Kavoli deyib.
“Rusiya hökumətinin dediklərinə qulaq asmaq lazımdır. Müntəzəm olaraq digər dövlətlərə, o cümlədən NATO müttəfiqlərinə qarşı konkret təhdidlər ünvanlayırlar. Dünya nizamından narazılıqlarından və bizim təhlükəsizlik arxitekturasının çox vacib komponenti hesab etdiyimiz NATO-nu başqa bir şeylə əvəzləmək istəyindən danışırlar. Onların danışdıqları şeyləri, o cümlədən hədələyici və fiziki təhdidləri nəzərə almaq lazımdır”, - general bildirib.
Kavoli qeyd edib ki, Moskvanın açıqladığı planlarda Rusiyanın NATO-ya qarşı təhdidlərindən də bəhs olunur. Bunların arasında rus ordusunun sayının üçdə bir artırılması, alyans ölkələri ilə sərhədlərdə böyük hərbi strukturların yaradılması ideyaları var.
“Rusiya təkcə Ukraynanı qismən işğal etmiş ölkə deyil, həm də bütün Avropada təxribat kampaniyaları və digər hibrid və sabitliyi pozan aksiyalar həyata keçirən ölkə olduğunu göstərmək üçün nümayişkaranə hərəkətlər edir. Hesab edirəm ki, bu sözlər və hərəkətlər inandırıcıdır: Rusiyanın niyyəti təkcə Ukrayna ilə məhdudlaşmır”, - NATO generalı vurğulayıb.