Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu həftə ikinci müddətə vəzifəyə qayıdan ABŞ Prezidenti Donald Trampla telefon danışığı keçirən ilk xarici lider olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
İsrail nəşri yazır ki, ilk olaraq Salmanla danışmaq qərarı Tramp administrasiyasının prioritetlərini göstərir, bu, onun razılaşmaları İsrail və Səudiyyə arasında normallaşdırma sazişi ilə genişləndirmək arzusunu ifadə edir:
“Çox güman ki, müqavilə Ər-Riyadın Vaşinqtonla imzalamaq istədiyi böyük müdafiə sazişinin bir hissəsi olacaq ki, bu da Səudiyyə Ərəbistanının hücumla üzləşəcəyi və Amerika iqtisadiyyatına böyük sərmayələr yatıracağı təqdirdə, ABŞ-dən təhlükəsizlik zəmanətini təmin edəcək”.
Salman Trampa bildirib ki, Səudiyyə Ərəbistanı növbəti dörd il ərzində ABŞ-dəki investisiyalarını 600 milyard dollara çatdırmaq istəyir, əlavə imkanlar yaranarsa, bu rəqəm daha da arta bilər.
Tramp Səudiyyə şahzadəsinə ümumi maraqları inkişaf etdirmək üçün Ər-Riyadla işləməyi səbirsizliklə gözlədiyini deyib.