15:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla Vladimir Putin arasında keçirilməsi nəzərdə tutulan görüşə vasitəçilik edə bilər.
Bu sözləri Teleqraf.com-un Türkiyə bürosuna açıqlamasında Milliyətçi Hərəkat Partiyasının üzvü, millət vəkili Mevlüt Karakaya deyib.

O, ABŞ Prezidenti Donald Tramp dönəminin başlaması ilə danışıqların da intensivləşəcəyini ehtimal edir.

“Xarici siyasətdə proqnozlaşdırma çox vacibdir. C.Baydenin zamanında bu mövzu müzakirə edilmirdi. Başqa bir nəzəriyyə üzərindən mülahizələr irəli sürülürdü. Ancaq indi insanlar Suriyadakı proseslərdən də qüvvət alaraq, ehtimalları yüksək görürlər. İranın Suriyadan çıxması münaqişə sahəsini azaltmış oldu. Sahə daraldıqca, siyasi nəzəriyyədə razılıq dərəcəsi artır. Biz ümid edirik ki, Rusiya danışıqlar prosesinə yaxındır. Gələn bəyanatlardan bunu sezmək mümkündür. Avropa da müharibədən bezib. Fransa və Almaniya əvvəldən müharibənin başlamasına istəksiz idi. Bütün bunları analiz etdikdə, sülh danışıqlarına ümidlər artır”, -deyə millət vəkili söyləyib.

Hazırda cərəyan edən proseslərə toxunan M. Karakaya ehtimal edilən Üçüncü Dünya müharibəsinin dəhşətli ola biləcəyini də qeyd edib.

Millət vəkili hesab edir ki, vasitəçiliklə danışıqların bərpası münaqişələrin həlli üçün vacibdir: “Ən böyük xarici kəşfiyyat təşkilatları Üçüncü Dünya müharibəsinin siqnallarını verir. Əgər bu ehtimal gərçəkləşərsə, heç nə əvvəlki kimi olmayacaq. Dünyada çox böyük silah ehtiyatı var. Bu səbəbdən də dünya yox ola bilər. Təsəvvür edin, bu cür təhlükədəyik. Belə olan halda, vasitəçilik, uzlaşdırma cəhdləri çox vacib məsələyə çevrilir. Türkiyə Rusiya- Ukrayna danışıqları üçün çox əmək sərf etdi. Ancaq sülh mümkün olmadı. Qərb və Amerika sülhü istəmədiyi üçün danışıqlar müsbət nəticələnmədi. Ancaq Suriyadakı danışıqların gedişatı nisbətən ürəkaçandır. Belə davam etsə, münaqişə sona çata bilər. Lakin bu səssizlik böyük münaqişədən əvvəlki səssizlik kimi də qiymətləndirilə bilər".

M.Karakaya əlavə edib ki, belə təhlükəli vəziyyətlərdə vasitəçi ölkələrə dəyər vermək lazımdır: "Türkiyə Prezidenti R.T.Ərdoğan yüksək vasitəçilik qabiliyyətinə sahib bir liderdir. Yaxın Şərq, Afrika, Şərqi Avropada Türkiyənin xarici siyasəti sülh və sabitliyin əsasında qurulub".

Qeyd edək ki, Amerikada keçirilmiş prezident seçkilərindən sonra Rusiya-Amerika prezidentlərinin Türkiyə vasitəsilə bir araya gəlməsi ehtimalı yerli KİV tərəfindən tez-tez gündəmə gətirilir.


Müəllif: Dəryanur Cəfərova

Oxşar xəbərlər