Ağ Evin yeni sahibi Donald Trampın əsas hədələdiyi ölkələrdən biri cənub qonşusu Meksikadır. Birincisi, Tramp müxtəlif ölkələrdən qaçqınların məhz Meksika üzərindən ABŞ-yə daxil olduğunu bildirir, ikincisi, Amerikaya gizli yollarla daşınan narkotik maddələrin də Meksika mənşəli olduğu qənaətindədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, ABŞ lideri bu gedişlə Meksikada istehsal olunan məhsullara gömrük tariflərini artırmaqla yanaşı, sərhəddən keçidlərin də qarşısını almağa çalışacaq:
“Ötən ilin oktyabrında Meksika prezidenti seçilən Klaudiya Şeynbaum da cavab tədbirləri hazırlayıb. Onun sözlərinə görə, Meksika ABŞ-yə boylanmadan azad və müstəqil xarici siyasət kursunu müəyyənləşdirməlidir. Şeynbaum buna nümunə kimi Kuba ilə artan tərəfdaşlıq münasibətlərini göstərib.
Məlumdur ki, Tramp özündən əvvəlki demokrat prezidentlərdən fərqli olaraq, Kubaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsinin tərəfdarıdır. Meksika isə son illərdə Kuba ilə əməkdaşlığı genişləndirib. Meksika hökuməti Kubaya ərzaq və yanacaq göndərir, kubalı peşəkar həkimlər isə bu ölkəyə dəvət edilir. Pandemiya dövründə kubalı həkimlər Meksikada çalışıblar. Meksika Venesueladan sonra Kubanın ikinci neft təhcizatçısına çevrilib. Hesablamalara görə, Kuba enerjiyə olan ehtiyacının dörddə bir hissəsini Meksikadan əldə etdiyi yanacaq hesabına təmin edir.
Meksikanın bu siyasəti ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi embarqoya ziddir. Tramp və ya ABŞ Konqresi buna görə Meksikaya qarşı sanksiyalar tətbiq edə bilər. Ancaq görünən odur ki, Meksika lideri Trampın hədələrindən çəkinmir. Əksinə, “Meksika xalqı kubalılarla həmrəydir” deyən Şeynbaum bu sözləri ilə Trampa meydan oxumuş olur. Təsadüfi deyil ki, Kuba Prezidenti Migel Diaz-Kanel bir neçə il ərzində Meksikaya 5 dəfə səfər edib”.