Qondarma Abxaziya Respublikasındakı (Gürcüstan bölgəsi – red.) separatçı rejimin başçısı Valeri Bqanba Rusiya Prezidenti Vladimir Putindən kömək istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun Rusiya liderinə açıq məktubunda deyilir.
“Abxaziya xalqı həmişə müttəfiqlik öhdəliklərinə sadiqlik nümayiş etdirib, biz Rusiyanın kollektiv Qərblə qarşıdurmasında onun etibarlı tərəfdaşıyıq. Xüsusi hərbi əməliyyatın (Ukraynaya qarşı müharibə - red.) ilk günlərindən biz onun məqsəd və vəzifələrini dəstəkləmişik və soydaşlarımız 2014-cü ildən Donbasda “rus dünyası”nı fəal şəkildə müdafiə edirlər.
Abxaziya ilə Rusiya arasında çoxillik dostluq münasibətlərinə mənfi təsir göstərə biləcək proseslərin qarşısının alınması üçün sizdən hərtərəfli yardım göstərməyinizi xahiş edirəm”, - Bqanba bildirib.
Separatçıların başçısı Rusiya mediasında Abxaziyada baş verən proseslərlə bağlı yalan məlumatların yayılmasından da şikayətlənib. Bqanba Abxaziya xalqına davamlı dəstəyinə görə Putinə təşəkkür edib.