“AŞPA-nın demokratiyaya və xalq iradəsinə hörmətə əsaslanan fundamental dəyərlərinə qayıtması vacibdir. Əgər biz bir-birimizin suverenliyinə və seçkilərdə ifadə olunan xalq iradəsinə hörmət etmiriksə, o zaman müasir dünyanın əsaslandığı beynəlxalq əməkdaşlıq prinsiplərindən danışmaq çətindir”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili qanunverici orqanın büro iclasında deyib.
Onun sözlərinə görə, qurumun Gürcüstanla bağlı qəbul etdiyi qətnamə təəssüf doğurur və sənəd qəbulolunmazdır:
“Belə bir şəraitdə Gürcüstan parlamentinin nümayəndə heyəti AŞPA çərçivəsində fəaliyyət göstərə bilməz”.
Spiker qeyd edib ki, nümayəndə heyətinin AŞPA-dakı mandatının tanınmaması və bununla da guya parlament seçkilərinə kölgə salmaq cəhdinin qarşısı alınıb.
“Nümayəndə heyətimizin çox gərgin əməyi nəticəsində bu cəhd uğursuzluğa düçar oldu və qətnamə tamamilə qəbuledilməz olsa da, nümayəndə heyətinin səlahiyyətləri AŞPA tərəfindən tanındı”, - Ş.Papuaşvili söyləyib.
Xatırladaq ki, dekabrın 29-da Gürcüstan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb.