Bir çox ölkələr Ukrayna münaqişəsinin həlli ilə bağlı gələcək mümkün danışıqlar üçün platforma olmağa hazır olduqlarını bildiriblər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Aleksey Polişçuk deyib.
Diplomatdan Rusiyanın Ukrayna ilə bağlı mümkün danışıqları öz ərazilərində keçirməyə hazır olan dövlətlərdən konkret təkliflərinin olub-olmaması soruşulanda o, belə cavab verib:
“Bizim belə təkliflərlə bağlı çatışmazlığımız yoxdur. Bəzi ölkələr əvvəllər danışıqlar üçün platformalar təqdim ediblər, ilk növbədə müttəfiqimiz Belarus”.
Polişçuk əlavə edib ki, Rusiya tərəfdaşlara vasitəçilik xidmətləri göstərmək və məkan təqdim etmək istəklərinə görə minnətdardır: “Amma indi əsas məsələ danışıqların dəqiq harada aparılacağı yox, kiminlə və nə haqda danışıb razılaşa biləcəyimizdir”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskini “qeyri-legitim dövlət başçısı” hesab edərək, onunla danışıqlara getməkdən imtina edir. Rusiya lideri Ukraynada “yeganə legitim orqan”ın Ali Rada (parlament) olduğunu bildirir.