Türkiyədə yediyi çörəyin içindəki lezvanı bilmədən udan şəxs xəstəxanaya çatdırılıb. Zərərçəkmişin yemək borusunu parçalayan lezva sonda onun ürəyinə sancılıb.
Satıcı işləyən 35 yaşlı Osman Sarıbuğa nahar üçün aldığı toyuğu və çörəyi yeyərkən mağazaya müştəri gəlib. Boğazına nəsə ilişdiyini hiss edən Sarıbuğa bunu toyuq sümüyü hesab edərək çox da əhəmiyyət verməyib və işinə davam edib. Axşam vəziyyəti pisləşən zərərçəkmiş xəstəxanaya çatdırılıb və onun MRT-si çəkilib. MRT nəticələrində zərərçəkmişin ürəyinin üstündə kiçik metal cism olduğu aşkarlanıb.
Dərhal əməliyyat otağına aparılan Sarıbuğa üzərində 10 saat davam edən əməliyyat aparılıb. Əməliyyat zamanı lezva ürəkdə sancıldığı yerdən çıxarılıb, parçalanan yemək və nəfəs borusu müalicə olunub. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyati təhlükəsi davam edir. Həmçinin infeksiya səbəbindən onun nəfəs borusunu itirmək təhlükəsi də var.
Zərərçəkmişin həyat yoldaşı isə çörəyi bişirən sexdən şikayətçi olduqlarını və hüquqi proses başlatdıqlarını deyib. (anspress.com)