17 May 2014 20:09
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin etirazçıya qarşı təhqiramiz ifadələr işlətməsi dünya mətbuatının gündəmindən düşmür. Yevda Abramov: “Baş nazirin o sözü işlətdiyini dəqiqləşdirsəm...”

Türkiyənin Manisa əyalətinin Soma kəndində kömür mədənində baş vermiş partlayışdan sonra qardaş ölkənin siyasi gündəmi daha da qaynarlaşıb. Faciədən sonra əraziyə gedən Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan orada əhalinin etirazı ilə qarşılaşmışdı. “Baş bakan, istefa!” şüarları ilə qarşılaşan Ərdoğan bu olaydan ciddi şəkildə qəzəblənmişdi.

Olay zamanı etirazçıların qəzəbindən qurtulmaq üçün yaxınlıqdakı marketlərin birinə sığınan Ərdoğan orada bir nəfəri yumruqla vuraraq onun ünvanına təhqiramiz ifadələr səsləndirib.

Türkiyənin baş nazirinin həmin etirazçıya münasibətdə işlətdiyi “hara qaçırsan ulan, İsrail dölü” ifadəsi isə Türkiyədə hazırda ən çox müzakirə olunan mövzulardandır. Ərdoğan ona qarşı çıxan, onun iqtidarına müxalifətdə olanları İsrail agenti adlandırır. O, ötən ilin yayında “Gəzi parkı” olaylarının da məhz İsrail xüsusi-xidmət orqanları tərəfindən təşkil edildiyini açıq şəkildə bildirmişdi.

Dini ekspert Kənan Rövşənoğlu hesab edir ki, baş nazir İsrailə düşmən münasibətinə görə, ona qarşı çıxanları İsraillə əlaqələndirməyə çalışıb: “Türkiyə baş naziri həqiqətən də "İsrail dölü" və ya "yəhudi törəməsi" kimi ifadə işlədibsə - təhqir kimi çıxıb. Görünür, baş nazir İsrailə düşmən münasibətinə görə, ona qarşı çıxanları məhz İsraillə əlaqələndirməyə çalışıb. Məlum olduğu kimi, Yaxın Şərqdə İsrailə, xüsusən də siyasi yəhudilik, yəni sionizmə ciddi nifrət var. Türkiyə baş nazirinin ritorikasında İsrail əsas düşmən olaraq keçdiyi üçün baş nazirin hiddətləndiyi adamı bu şəkildə aşağılamağa çalışmasını anlamaq olar. Ancaq bu ifadənin hansısa dini və ya tarixi əsasının olduğunu düşünmürəm. Yalnız dini mətnlərdə bəzi yerlərdə İsrail oğulları sözünü danan, öz mənfəətini güdən şəxslər kimi qeyd edilir. Xüsusən də peyğəmbərlərlə bağlı rəvayətlərdə, o cümlədən, Həzrət Musa (ə), Həzrət İsa (ə) və digər Allah elçiləri ilə bağlı hekayələrdə İsrail oğullarının Allahın elçilərinə qarşı fəaliyyətləri tənqid olunub. Ancaq bu ifadə bütövlükdə dünyanın ən qədim xalqı olan yəhudilərə qarşı deyil, mənfəətpərəst bəzi qruplara qarşı işlədilib. İndiki mənada baş nazirin öz vətəndaşını qədim dini mətnlərdəki şəxsi maraqlarına hər şeyi qurban verə bilən İsrail oğullarına bənzədərək belə adlandırması, onu hazırda soyuq münasibətləri olan İsrail dövlətinin maraqlarına xidmət edən biri kimi aşağılaması aydın deyil”. Azərbaycan parlamentinin yəhudi əsilli deputatı Yevda Abramovdan da Ərdoğanın bu ifadəsinə münasibət öyrəndik. Deputat Türkiyədə baş verənləri televiziyadan izlədiyini bildirdi: “Amma real olaraq, işlədilən söyüşü görə bilmədim. Türkiyə kanallarında bu xəbər verilib. Şəxsən mən bu söyüşü baş nazirin ağzından eşitməmişəm. Eşitmədiyim bir məlumat haqqında danışmağı bacarmaram. Televiziya ekranlarında bu məlumat konkret göstərilməyib”. “Ərdoğanın bu ifadəni işlətdiyini dəqiqləşdirsəniz hansı reaksiyanı bildirərsiniz”, - sualına yəhudi deputat bu cür cavab verib: “Qoy dəqiqləşsin, sonra bu haqda danışarıq.

Dəqiq bilmədiyim, eşitmədiyim bir ifadəyə görə heç nə deyə bilmərəm. /Musavat.com/


Müəllif: