3 Aprel 2015 02:33
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terrorçu qruplaşmasının döyüşçüləri Suriyanın paytaxtı Dəməşqə yaxınlaşmaq uğrunda həmlələri davam etdirir.

Çərşənbə günü Dəməşq yaxınlığındakı “Yarmuk” qaçqın düşərgəsi az qala tamamilə ekstrimistlərin nəzarətinə keçsə də, dünən fələstinli döyüşçülər və suriyalı müxalifyönlü qüvvələr düşərgənin böyük hissəsini İŞİD-dən geri ala bilib.

Yarmukun ələ keçməsi ekstrimistlər üçün böyük strateji önəm kəsb edir. Belə ki, qəsəbə ilə Suriya paytaxtını təqribən 8 kilometr məsafə ayırır. Suriya müharibəsi başlamazdan əvvəl Yarmuk qaçqın şəhərciyində 160 mindən çox insan yaşayıb. 2013-cü ildə Bəşər Əsədə sadiq hökümət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərlə əlaqədar Yarmuk mühasirə düşüb.

Nəticədə ətrafdan təcrid olan sakinlər ərzaqsız və dərmansız qalıb. Cəbhət ən Nüsrə qruplaşmasının maşın karvanlarını tez-tez atəşə tutduğundan qaçqınlara humanitar yardımın paylanması dəfələrlə dayandırılıb. Bu arada ƏlQaidə ilə əlaqəli adı çəkilən qruplaşmanın döyüşçüləri İordaniya ilə Suriya arasında yeganə işlək sərhəd buraxılış məntəqəsini və yaxınlıqdakı 3 hərbi postu ələ keçirdiklərini elan edib. Vəziyyətlə əlaqədar Suriya ordusu qırıcıları havaya qaldırılb, döyüşçülərin sərhəddəki mövqelərinə zərbələr endirilib. Suriyanın Xarici İşlər nazirliyi bəyanat yayaraq, üsyançıların ələ keçirdiyi sərhəd-buraxılış məntəqəsindən keçidin istənilən halda qanunsuz hesab olunacağını xəbərdar edib.

Nəsib sərhəd məntəqəsi İordaniya ilə Suriya arasında açıq olan yeganə məntəqədir. Həmin məntəqə Suriya hökümətinin nəzarətində olan əsas ticarət dövriyyəsi nöqtələrindən idi. Sərhədin o biri tərəfindən toqquşmaların getməsilə əlaqədar İordaniya höküməti öz tərəfindən Nəsib sərhəd məntəqəsini bağlayıb./Ans/


Müəllif: